İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verməkdən imtina edib

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verməkdən imtina edib Hakim onlara xəbərdarlıq edib
Hadisə
19 Sentyabr , 2016 13:03
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsində şahidlər ifadə verməkdən imtina edib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elburus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər Kamran Əzizovla Malik Musayev ifadə verməkdən imtina ediblər.

Hakim həmin şəxslərə bildirib ki, məhkəmədə ifadə vermədikləri üçün onların barələrində cinayət işi başlanılacaq. Həmin şəxsləri 5 ilə qədər cəza gözlədiyini deyib.

Proses oktyabrın 3-də davam etdiriləcək.

Xatırladaq ki, şahidlərin hər ikisi İŞİD-in tərkibində döyüşməkdə təqsirli bilinərək həbs edilib, onlar hazırda məhkumluq həyatı yaşayır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Əzizov 14 il 6 ay, M.Musayev isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - E.Əzizov, N.Quliyev, R.Bədəlov, İ.Əzizov, B.Şirinov, E.Mirzəbəyov və Ə.Şamxalovu şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, həmin şəxslər 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra” və "Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi