Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rasim Bayramov ifadə verib.
O bildirib ki, Sahib adlı şəxs onu Fazil Həsənzadə ilə tanış edib: "Fazilin qohumuna böyrək lazım idi. İranda xəstəxanada yoxlamadan keçdik. Sonra Vahibin maşını ilə Gürcüstana getdik, orada əməliyyat olundum. Bir qədər sonra güc-bəla ilə 2 min dollar pul aldım".
V.Xudadatov isə qeyd edib ki, F.Həsənzadənin qohumuna böyrək lazım olduğu üçün R.Bayramova 12 min manat pul verib: "Bu adam yalan danışır. Ona istədiyi pul verilib. Bakıda kirayə ev tutmuşdu, həm də mağaza işlədirdi. Pulun hamısını da ora verib. Hətta ona pul lazım olanda Fazil müəllimə zəng edirdi. Rasimə şəxsən 12 min manat pul vermişəm. Fazil müəllim isə mənə ayrıca 3 min dollar pul verdi".
R.Bayramov söyləyib ki, böyrəni satmamışdan əvvəl 12 min dollar alacağımla bağlı danışıq olub: "Bu puldan sadəcə 2 min dollar verilib və hazırda 8 min dollar tələb edirəm".
Daha sonra digər zərərçəkmiş Rufan Əhmədli dindirilib. O deyib ki, ölkədə devalvasiya olan zaman işsiz qalıb, maliyyə vəziyyəti çətinləşib. Vəziyyətdən çıxmaq üçün böyrəni satmaq qərarına gəldiyini bildirib: "İnternetdə elan verdim. Sonra Sahib müəllim mənimlə əlaqə saxladı. O, Oqtay adlı şəxsə böyrək lazım olduğunu söylədi. Biz 12 min manata razılaşdıq. İrana getdik, sonra Gürcüstanda əməliyyat olundum, pulumu da almışam".
O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib: "Vahib sadəcə vasitəçi olub. Heç bir şikayət və tələbim yoxdur".
Məhkəmənin baxış iclası aprelin 19-na təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
Cinayət işində 27 zərərçəkmiş var.
Xatırladaq ki, V.Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.