İlqar Məmmədov əlavə kassasiya şikayəti verib

İlqar Məmmədov əlavə kassasiya şikayəti verib Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
5 Fevral , 2019 14:31
İlqar Məmmədov əlavə kassasiya şikayəti verib

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, İ.Məmmədovun vəkili Fuad Ağayev bir müddət öncə kassasiya şikayətinə əlavə təqdim edib.

Hakim deyib ki, həmin əlavə ittiham tərəfinə, zərərçəkənlərə təqdim olunub.

Proses martın 28-dək təxirə salınıb.

Qeyd edək ki, İ.Məmmədov və Müsavat Partiyası başqanının keçmiş müavini Tofiq Yaqublu 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ali Məhkəmənin Plenumunda İ.Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və apellyasiya instansiya məhkəməsinə göndərilib.

Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, İ.Məmmədovun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib və o, azadlığa buraxılıb. Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla əfv olunub.

Son xəbərlər

Orphus sistemi