İlham Əliyev: "Dövlət qurumları yerli avtomobillərə üstünlük verməlidirlər"

İlham Əliyev: "Dövlət qurumları yerli avtomobillərə üstünlük verməlidirlər" "Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər"
İnfrastruktur
10 Aprel , 2018 02:57
İlham Əliyev: Dövlət qurumları yerli avtomobillərə üstünlük verməlidirlər

Bakı. 10 aprel. REPORT.AZ/ "Bu il sənayemizin inkişafının təzahürü olan Neftçala Sənaye Məhəlləsində biz bu yaxınlarda avtomobil zavodunun açılışını qeyd etmişik. Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il 10 min avtomobil istehsal edən zavodun açılışı oldu. Bu zavodda 300-dən çox insan işlə təmin ediləcək, həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Prezident bu ilin birinci rübündə ölkəyə idxal olunan avtomobillərin sayının kəskin artdığını bildirib:

"Bizim statistikamıza görə, bu ilin birinci rübündə idxal olunan avtomobillərin sayı kəskin artıb. Bu, əlbəttə, iqtisadi canlanmanın təzahürüdür, onu göstərir ki, vətəndaşlarda indi əlavə maliyyə imkanları yaranıbdır, kəskin artıbdır. Bu, özlüyündə müsbət göstəricidir, ancaq bu, o deməkdir ki, valyutamızın xaricə köçürülməsi də kəskin artıbdır. Ona görə, Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır. Əminəm, vətəndaşlar da görəcəklər ki, bu avtomobillər yüksək standartlara cavab verir və qiymət də xaricdən gətirilən avtomobillərlə müqayisədə daha münasibdir".

Son xəbərlər

Orphus sistemi