Yuxarı

İdarə rəisi: "Naxçıvanda cinayətlərin açılması 100 faiz təmin edilib"

İstintaqdan və məhkəmədən yayınan 4 nəfərdən ikisinin yeri müəyyənləşdirilib

"İstintaqdan və məhkəmədən yayınan 4 nəfərdən ikisinin yeri müəyyənləşdirilib"

Bakı. 25 iyul. REPORT.AZ/ "2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası (MR) daxili işlər və prokurorluq orqanları üzrə cəmi 5 cinayət hadisəsi qeydə alınıb. Bu isə ötən illə müqayisədə 10 cinayət hadisəsinin az olması deməkdir". "Report"un məlumtına görə, bunu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində (MR DİN) keçirilən kollegiya iclasında DİN-in Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev hesabat məruzəsində bildirib.

Məruzə müəllifi bildirib ki, cinayətlərin strukturunda ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər ötən illə müqayisədə 6-ya qarşı 2 olmaqla 66,6 faiz azalıb, iqtisadi sahədə olan cinayətlər 3-ə qarşı 3 olmaqla sabit qalıb, şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə olan cinayətlərlə bağlı heç bir fakt aşkar edilməyib: "Yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətlərin açılması 100 faiz təmin edilib. Muxtar respublikada təqsirləndirilən şəxslərin axtarışı işinin nəticəsi yaxşılaşmaqla istintaqdan və məhkəmədən yayınan 4 nəfərdən ikisinin yeri müəyyənləşdirilərək məsuliyyətə cəlb olunub. Narkomaniyaya qarşı mübarizədə həyata keçirilən tədbirlər nəticəsində xeyli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. İstintaq və təhqiqat qurumu əməkdaşlarının icraatında 7 cinayət işi olub. Cinayət işlərindən 2-si ittiham aktı ilə məhkəməyə göndərilib. 2 cinayət işi aidiyyəti üzrə muxtar respublika Hərbi Prokurorluğuna göndərilib. Bir cinayət işinin icraatı dayandırılıb, 2 cinayət işi üzrə ibtidai istintaq davam etdirilib. İcraatına xitam verilən, məhkəmə və prokurorluq orqanları tərəfindən əlavə istintaqa qaytarılan cinayət işləri olmayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi