Bakı. 21 yanvar.
"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xətai Rayon İcra Hakimiyyətində memar vəzifəsində işləyən Çingiz Hacıyev ifadə verib.
O, zərərçəkmiş şəxsi tanımadığını, işinin eskiz layihəsi çəkib vətəndaşlara təqdim etmək olduğunu bildirib.
Ç.Hacıyev qeyd edib ki, bu işlə bağlı onlara müraciət olunub: "Bizə razılaşma olduğu üçün icazə vermişik. Elsevər Rufullayevi tanımıram. Həmin şəxs özü mənə müraciət etməyib. Fikrimcə, Elsevər Qaçaya müraciət edib, o da gedib əraziyə baxıb, sonra mənə məlumat verib. Bundan sonra layihə çəkilib".
O, X.Məmmədova iş müqabilində hər hansı məbləğdə pul verildiyindən xəbərsiz olduğunu söyləyib.
Məhkəmənin növbəti iclası yanvarın 24-nə təyin edilib.
İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.