İcra başçısının müavini olmaq üçün 170 min dollar verdiyini iddia edən şəxs vəkilini dəyişdirib

İcra başçısının müavini olmaq üçün 170 min dollar verdiyini iddia edən şəxs vəkilini dəyişdirib Yeni vəkil Kamandar Nəsibovdur
Hadisə
3 Mart , 2016 11:21
İcra başçısının müavini olmaq üçün 170 min dollar verdiyini iddia edən şəxs vəkilini dəyişdirib

Bakı. 3 mart. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən aldadıldığını iddia edən Eynur Kərimovla vəkil Adəm Məmmədov arasında imzalanmış müqavilə ləğv edilib.

“Report”un əldə etdiyi məlumata görə, E.Kərimov özünə yeni vəkil tutub. Yeni vəkil Kamandar Nəsibovdur.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Məsələdə Komitə sədri Hicran Hüseynovanın da adı hallandırılır.

Xatırladaq ki, Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər İmanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər İmanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”.

Son xəbərlər

Orphus sistemi