​İcra başçısı: "Şəkidə sel təhlükəsi azalıb"

​İcra başçısı: "Şəkidə sel təhlükəsi azalıb" "Bir problem yaranarsa, biz insanları təxliyə etməyə hazırıq"
Hadisə
3 İyul , 2016 11:05
​İcra başçısı: Şəkidə sel təhlükəsi azalıb

Şəki. 3 iyul. REPORT.AZ/ "İndi çayında suyun səviyyəsində azalma müşahidə olunur. Dağlardan təmiz su gəlir və lil qatını əvəzləyir. Bu da onu göstərir ki, artıq sel təhlükəsi azalıb".

Bunu "Report"un Şimal-Qərb bürosuna açıqlamasında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov deyib.

O, Kiş çayına böyük bir sel gəldikdən sonra çayda artıq azalmanın müşahidə olunduğunu diqqətə çatdırıb.

"Kiş çayının körpüsü dağılıb. Qarşı tərəfdə qalan insanların təhlükəsizliyi tam təmin olunub. Bəzi istirahət mərkəzlərindən insanlar təxliyə olunub. Hələ ki, tələfat haqqında məlumat yoxdur", - deyə Elxan Usubov bildirib.

İcra başçısı hazırda Fövqəladə Hallar Nazirliyinin regional əməkdaşlarının hadisə yerində olduqlarını, birgə monitorinqin aparıldığını qeyd edib.

"Qərargahda operativ iş görmək üçün 5-10 dəqiqədən bizi də məlumatlandırırlar. Şin çayında və Şin kəndində də təhlükə var idi, orda da sel təhlükəsi olduğundan təxliyə üçün hazırlıq işləri aparıldı. İndi çayda azalma müşahidə olunur. Dağlardan təmiz su gəlir və lil qatını su əvəzləyir. Bu da onu göstərir ki, artıq sel təhlükəsi azalıb".

Buna baxmayaraq, o bildirib ki, insanların Kiş kəndi ilə asanlıqla əlaqə saxlaya bilmələri üçün səhər saatlarından Oxut kəndinə çay yolunun bərpası üzrə iş aparılacaq:

"Hazırda Kiş kəndi ilə tez-tez əlaqə saxlayırıq. Kiş kəndinin icra nümayəndəsi buradadır, bələdiyyə sədri, həmçinin iki ədəd "Ural" markalı maşınımız kənddədir. Əgər bir problem yaranarsa, biz hər an orda olan insanları təxliyə etməyə hazırıq. Bu gün bütün şəkililər burada toplaşmışıq, onlar dövlət qayğısını hər dəqiqə hiss edirlər və bütün tapşırıqlar Prezident Administrasiyasından gəlir. Ona görə də tam əminliklə deyə bilərəm ki,biz yerlərdə lazımi tədbirləri görmüşük".

Dünən axşam saatlarında Kiş çayına gələn sel nəticəsində eyniadlı kəndin körpüsü dağılıb, kəndin elektrik qaz və su təchizatına ziyan dəyib. Çayın sahilində yerləşən istirahət mərkəzlərinin bəzilərinin kotecləri dağılıb. Dərhal hadisə yerinə Şəki RİH-i nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və FHN-in regional heyəti cəlb olunub. Yaxınlıqda olan istirahət mərkəzlərində qalan qonaqlar həmin ərazidən çıxarılıb. Təqribən gecə saat 00:15 radələrində lil qatı suya çevrilib və Kiş çayında suyun səviyyəsi 4-5 metrə enib. Hazırda selin daha hansı ərazilərdə fəsadlar yaratdığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi