İcra başçısı və polis sakinlərə tibbi maska paylayıb - VİDEO

İcra başçısı və polis sakinlərə tibbi maska paylayıb - VİDEO Mayın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra hakimiyyəti Aparatı nəzdindəki Operativ qərargahın üzvləri koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaradılmış xüsusi karantin rejiminin vəziyyəti ilə yerində tanış olmaq məqsədilə şəhərin müxtəlif ərazilərinə baş çəkiblər.
Hadisə
8 May , 2020 15:39
İcra başçısı və polis sakinlərə tibbi maska paylayıb - VİDEO

Mayın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra hakimiyyəti Aparatı nəzdindəki Operativ qərargahın üzvləri koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaradılmış xüsusi karantin rejiminin vəziyyəti ilə yerində tanış olmaq məqsədilə şəhərin müxtəlif ərazilərinə baş çəkiblər.

Sakinlərlə görüşündə icra başçısı T.Qaraşov mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı zamanı Prezident İlham Əliyevin proqram xarakterli nitqindən söz açaraq dövlətimizin səyləri ilə koronavirus xəstəliyinin ölkəmizdə minimuma enririlməsi üçün bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırıb:
"Cənab Prezident bir daha bəyan edib ki, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində biz bundan sonra da vəziyyəti nəzarət altında saxlaya biləcəyik. Çünki burada məsələ ancaq dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik, birlik göstərmişik. Həmrəyliyin təzahürlərindən biri də odur ki, həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, kömək göstərirlər, onları ərzaq malları ilə təchiz edirlər".

İcra başçısı bildirib ki, respublikamızın bir sıra rayonlarında karantin rejimi ləğv olunsa da, Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran üçün xüsusi rejim təyin olunub:
"Cənab Prezidentin də vurğuladığı kimi, bu şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Ona görə də hər bir sakindən karantin rejiminin tələblərinə maksimum riayət etmək, şəxsi gigiyena qaydalarını gözləmək tələb olunur. Xəstəliyin statistikasının minimal səviyyəyə düşməyəcəyi təqdirdə şəhər və rayon ərazisində karantin rejiminin sərtləşdirilməsi istisna deyil.

Görüş zamanı icra başçısı Taleh Qaraşovun söylədikləri sakinlər tərəfindən müsbət qarşılanıb. Onlar koronavirus pandemiyası ilə mübarizədə ölkə Prezidenti İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışlayaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər.

T.Qaraşov və digər rəsmi şəxslər tərəfindən əhaliyə 1 000-dən artıq tibbi maska paylanılıb. 

***

Daxili İşlər Nazirliyinin (DİN) tapşırıq və tövsiyələri bölgələrdə rayon Poliş Şöbələri tərəfindən uğurla həyata keçirilir. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Kürdəmir Rayon Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə ciddi şəkildə nəzarət edir.

Polislər vətəndaşların maarifləndirilməsi üçün profilaktik söhbətlər apararaq rayon ərazisində yerləşən poçt məntəqələrinin, bankların, idarə və müəssisələrin qarşısında yaranan insan sıxlığında sosial məsafənin təmin olunmasına nəzarət edərək insanlara tibbi maska və əlcəkdən istifadə etməyi tövsiyə ediblər.

Bundan başqa, polislər vətəndaşlara tibbi maska və əlcəklər paylayıblar.

***

Qax rayonunda da polis əhaliyə tibbi maska və əlcəklər paylayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gündən ölkə ərazisində polis əməkdaşları tərəfindən tibbi maskadan istifadə etməyənlərə qarşı reydlərə start verilib. Qax şəhəri ərazisində insanların sıx olduğu, o cümlədən şəhərin mərkəzində və bankların ətrafında toplaşan vətəndaşlarla tövsiyə xarakterli söhbətlər aparılıb. Vətəndaşlardan evdən çıxarkən qapalı məkanlarda, xüsusilə iaşə müəssisələrində, ictimai nəqliyyatda tibbi maskadan istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunub. Bir-neçə saat davam edən tədbir zamanı vətəndaşların əksəriyyətinin tibbi maskalardan istifadə etmədiyi müşahidə olunub. Polis belə insanları məsuliyyətli olmağa çağırıb.

Qeyd edək ki, mayın 4-dən etibarən Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran şəhərləri istisna olmaqla ölkənin bütün şəhər və rayonlarında karantin rejimi yumşaldılıb. Ancaq vətəndaşlar iaşə müəssisələrində, ictimai nəqliyyatda mütləq tibbi maskalardan istifadə etməlidir.

Son xəbərlər

Orphus sistemi