Yuxarı
    Bağlamaq

    İbrahim Nehrəmlinin sement şirkətinə qarşı apellyasiya şikayətinə baxılıb

    “Avesta Konserni” MMC-nin apellyasiya şikayəti təmin olunmayıb

    Bakı. 9 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Holcim” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb. “Report”un məlumatına görə, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin ASC-nin xeyirinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. Beləliklə, “Avesta Konserni” MMC-nin apellyasiya şikayəti təmin olunmayıb.

    Qeyd edək ki, ötən il “Holcim” (Azərbaycan) ASC “Avesta Konserni” MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC pul barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    Xatırladaq ki, “Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir. O, ötən il oktyabr ayının 23-də “Report”a açıqlamasında “Holcim” (Azərbaycan) şirkəti ilə rəhbəri olduğu konsern arasında təxminən 15 min manatlıq pul mübahisəsi olduğunu deyib.

    Qeyd edək ki, tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konserni” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur. “Holcim” (Azərbaycan) ASC isə dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim Qrup”unun bir hissəsi olaraq ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi