Bakıda bəzi avtomobillərin tüstüsü ətrafı bürüyüb - VİDEO

Bakıda bəzi avtomobillərin tüstüsü ətrafı bürüyüb - VİDEO Avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının çox olması ciddi problemlərdən biridir. Bugünlərdə oxuculardan biri Bakıda ətrafa böyük miqdarda tüstü buraxan iki avtomobilin videosunu Reporta göndərib. Videoya baxanda tüstüsü çıxan maşınların hər ikisinin digər avtomobilə quraşdırılan müşahidə kamerasına, təxminən, eyni dəqiqələrdə düşdüyü görünür.
Hadisə
13 May , 2019 13:38
Bakıda bəzi avtomobillərin tüstüsü ətrafı bürüyüb - VİDEO
Report

Avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarının çox olması ciddi problemlərdən biridir. Bugünlərdə oxuculardan biri Bakıda ətrafa böyük miqdarda tüstü buraxan iki avtomobilin videosunu "Report"a göndərib. Videoya baxanda tüstüsü çıxan maşınların hər ikisinin digər avtomobilə quraşdırılan müşahidə kamerasına, təxminən, eyni dəqiqələrdə düşdüyü görünür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Report”a açıqlamasında deyib ki, istismar müddəti keçmiş nəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına vurduğu ziyan ciddidir: “Həmin avtomobillərin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan qat-qat artıq olur. Çünki uzun illərdir istismarda olan avtomobil hərtərəfli köhnəlib. Bu həm də təhlükəsizlik baxımından narahatlıq doğurur. Tək mühərrik yox, onun banı da təhlükəsizlik standartlarına cavab vermir”.

Nazirlik rəsmisi qeyd edib ki, son zamanlar ölkədə avtomobil qəzalarının sayında artım müşahidə olunur: “Çox güman ki, qəzaların faciə ilə nəticələnməsinin əsas səbəblərindən biri avtomobillərin köhnə olması ilə əlaqəlidir. Çalışırıq ki, havaya qara tüstü buraxan istismar müddəti keçmiş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və istifadəsi məhdudlaşdırılsın. İldən-ilə bu kimi avtomobillərin ölkəyə gətirilməsi artır. Aparılan araşdırmaların nəticəsi onu deməyə əsas verir ki, belə avtomobillərdən atmosferə atılan zərərli maddələr ölkədə atmosfer çirkləndirmələrinin təxminən 80 %-ni təşkil edir. Halbuki zavodlar 20 % atmosferi çirkləndirir. Bir sözlə, havanın çirklənməsinin əsas səbəbkarı zavod və fabriklər deyil, avtomobillərdir. Ölkədə istismar olunan avtomobillərin təxminən 20%-nin yaşı otuz ildən çoxdur. Avtomobillərin 77 %-nin yaşı isə on ildən çoxdur”.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov "Report"a deyib ki, hər iki nəqliyyat vasitəsinin sürücüsü barədə inzibati tənbeh tədbirinin görülməsi üçün araşdırma aparılır: “Sözsüz ki, texniki cəhətdən nasaz olan bu avtomobillərin istismarına görə sürücülər məsuliyyət daşıyırlar. Məlumat üçün bildiririk ki, ekoloji mühitin qorunması, ətraf mühitə atılan zərərli qazların miqdarının azaldılması məqsədi ilə il ərzində iki dəfə “Təmiz hava” adı altında təhlükəsizlik aylığı keçirilir ki, belə nöqsanlara yol verilməsin”.  

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib ki, avtomobil nəqliyyatı bir müddət istifadə edildikdən sonra həm də iqtisadi cəhətdən insanlar üçün əlverişsiz olur: “İstismar müddəti keçən nəqliyyat vasitələri daha çox yanacaq sərf edir, tez-tez ehtiyat hissələrinin dəyişməsinə ehtiyac olur, həm də təhlükəsizlik baxımından müəyyən qədər sürmək riskli olur və qəzaların baş verməsinə zəmin yaradır. Həmçinin atmosferə buraxılan kifayət qədər zərərli maddələrin miqdarı həcmcə artmış olur. Bu kimi avtomobillər ucuz satıldığından əhalinin diqqətini çəkə bilir. Hansı ki, Avropa ölkələrində belə avtomobillərdən imtina edirlər. Yaxşı olardı ki, bu avtomobillərin istifadəsində limitlər tətbiq olunsun”.

O qeyd edib ki, köhnə avtomobillər həm də yeni qurulan yollar üçün sürət yığmaq baxımından standartlara cavab vermir: “Odur ki, tədricən bu kimi köhnə nəqliyyat vasitələrindən uzaqlaşmaq lazımdır. Hətta 20 ildən çox istifadə olunan avtomobillərin istismarını Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərə girişini məhdudlaşdırmaq məsləhətdir. Təklif edərdim ki, müəyyən rüsumlar tətbiq olunsun”.

Son xəbərlər

Orphus sistemi