Yuxarı

Həkim: "Balakəndə partlayış zamanı yaralananların vəziyyəti nisbi kafidir - FOTO - VİDEO

Hazırda xəstələr Balakən Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün Balakən rayonunda “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada baş verən partlayış nəticəsində xəsarət alan iki nəfərin vəziyyəti nisbi kafidir.

Bu barədə "Report"a açıqlamasında yaralıları müayinə edən həkim Əhməd Yadigarov məlumat verib.

Onun sözlərinə görə, qazanxana işçiləri Novruz Nastakalov və Anar Bozurov hadisə zamanı yanıq xəsarətləri və bədənin digər nahiyələrindən sıyrıntılar alıblar. Hazırda xəstələr Balakən Rayon Mərkəzi Xəstəxanasında müalicə alırlar.

Yaralılardan N.Nastakalov "Report"a bildirib ki, partlayış baş verən an alov onların hərəsini bir tərəfə atıb. Onun sözlərinə görə, hadisə zamanı dünyasını dəyişən Elçin partlayışın gücündən bayırda dayanan yük avtomobilinə çırpılıb.

Digər zərərçəkən Anar Bozurov dünyasını dəyişən Elçin və yaralanan Novruzla qazanaxananı işə saldıqdan sonra bayıra - qapının önünə çıxdıqlarını söyləyib. O, partlayışdan sonra heç nəyi xatırlamadığını bildirib.

Bu gün 10:30-da “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Nəticədə müəssisədə işləyən Qullar kənd sakini, 26 yaşlı Elçin Əliyev hadisə yerində keçinib, digər işçilər - Qullar kənd sakini, 26 yaşlı Novruz Nastakalov və Qazma kənd sakini, 34 yaşlı Anar Bozurov isə xəsarət alıblar.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi