Yuxarı

​Hədə-qorxu gələrək pul tələb edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilimədən saxlanılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Əlizamin Abıyev barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Ə.Abıyevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən, 2014-cü ildə Emin Allahverənov gəlir əldə etmək məqsədilə Sumqayıt şəhərində kirayələdiyi mənzildə istintaqa məlum olmayan tanışını - M.N (ad şərtidir) adlı qadını müxtəlif kişilərlə görüşdürmək üçün əxlaqsızlıq yuvası təşkil edib. O, həmin qadının adı ilə “Odnoklassnik”də müştərilərlə əlaqə saxlayıb. Sosial şəbəkədə M.N-ın (ad şərtidir) toruna isə ilk Göygöl rayon sakini Ramil İsmayılov "düşüb". E.Allahverənov həmin şəxslərin görüşünü təşkil edib və bunu kompüterin videokamerası ilə gizlicə lentə alıb. O, hadisədən bir qədər sonra qrupun digər üzvü Ə.Abıyevlə birlikdə R.İsmayılova hədə-qorxu gələrək ondan pul tələb edib. Əks halda videogörüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yayacaqları ilə hədələyiblər.

Hər iki şəxsin hədələrindən bezən R.İsmayılov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib. 2014-cü il iyul ayının 3-də E.Allahverənovla Ə.Abıyev R.İsmayılovdan 600 manat alarkən idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

2015-ci il avqust ayının 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Abıyev 7 il, E.Allahverənov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ə.Abıyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi