Yuxarı
    Bağlamaq

    Keçən il Azərbaycanda insan alveri ilə məşğul olan 15 cinayətkar qrup tutulub

    141 insan alveri faktı aşkarlanıb

    Bakı. 31 mart. REPORT.AZ/ Keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup (+2) zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib.

    "Report"un xəbərinə görə, bu, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatında əksini tapıb.

    Qeyd olunub ki, onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.

    "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7-i “Azərbaycan Uşaq Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilib", - deyə, məlumatda qeyd olunub.

    Bildirilib ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunub. Həmçinin, Vəkillər Kollegiyası ilə bağlanmış müqavilə əsasında hər bir zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı dövründə dövlət hesabına peşəkar hüquqi yardımla təmin edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciətin hər biri üzrə təşəbbüskarlara zəruri izahlar verilib.

    İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun məlumatı Milli Məclisin aprelin 7-də keçiriiləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi