​Həbsdə olan sabiq nazirin kassasiya şikayətinə baxılacaq tarix açıqlanıb

​Həbsdə olan sabiq nazirin kassasiya şikayətinə baxılacaq tarix açıqlanıb Ali Məhkəmədə keçiriləcək iclas mayın 25-nə təyin edilib
Hadisə
2 May , 2016 12:32
​Həbsdə olan sabiq nazirin kassasiya şikayətinə baxılacaq tarix açıqlanıb

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra etmiş Nicat Quliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

N.Quliyevin vəkili Əfqan Məmmədovun "Report"a verdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək iclas mayın 25-nə təyin edilib.

İşə hakim Əli Seyfullayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.

N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. O, həmin qərardan kassasiya şikayəti verib. N.Quliyev şikayətində barəsindəki cinayət işinin ləğv edilməsini və azadlığa buraxılmasını istəyib.

Xatırladaq ki, N.Quliyev Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. O, daha əvvəl 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi