Həbsdə olan Konvoy taborunun keçmiş komandirinin apellyasiya şikayəti təmin edilməyib

Həbsdə olan Konvoy taborunun keçmiş komandirinin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
7 Noyabr , 2017 12:03
Həbsdə olan Konvoy taborunun keçmiş komandirinin apellyasiya şikayəti təmin edilməyib
Report

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, məhkəmənin qərarı ilə onun apellyasiya şikayəti təmin edilməyib.

Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, B.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də irəli sürülüb. Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə B.Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Ədliyyə Nazirliyi və Baş Prokurorluq Penitensiar xidmət əməkdaşlarının həbs olunması ilə bağlı birgə məlumat yayıb. Belə ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Mühafizə altından qaçdıqlarına görə E.Məmmədov və Ə.Ağami Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub. Ə.Ağami həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Son xəbərlər

Orphus sistemi