Bakı. 19 fevral.
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qəmər Miriyeva ifadə verib.
O, təqsirləndirilən şəxsin anası ilə qonşu olduğunu bildirib: "Mirvari xala bir gün mənə köçəcəklərini, əşyalarını yığmağa kömək etməyimi istədi. Gedəndə mənə sellofan torbada sənədlər verdilər. Dedilər ki, zəngləşib Xamis adlı şəxsə verərsən. Mən də onların xahişini yerinə yetirdim. Onlar evi satıb getdilər. Məni də bu sənədlərə görə istintaqda dindirdilər. Bildiklərimi danışdım".
Məhkəmənin iclasında məlum olub ki, təqsirləndirilən A.Məmmədovla zərərçəkmiş Naibə Piriyeva barışıb.
Hakimin suallarını cavablandıran A.Məmmədov söyləyib ki, N.Piriyeva ilə əvvəlcədən də küsülü olmayıb: "Əsəbiləşib ona artıq nəsə demişəm. Amma biz düşmən deyilik. Ay Naibə, bilirəm ki, məni burdan ancaq sən çıxara bilərsən".
Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.
Qeyd edək ki, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevaya işə düzəldəcəyi vədini verib. Lakin sonradan keçmiş icra məmuru vədinə əməl etməyib.
Hər iki şəxsin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb.