Yuxarı

​Qəbələdəki qətl hadisəsi ilə bağlı həbs edilənlərin sayı 18-ə çatıb

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Ötən il Qəbələdə qətllə nəticələnən quldurluq hadisəsi ilə bağlı daha iki nəfər həbs edilib. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.

Xatırladaq ki, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyitinin tapılması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Araşdırmalarla müəyyən edilmişdi ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar həmin tarixdə oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedərək, gecə saatlarında quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına isə müxtəlif dərəcəli xəsarətlər yetirmişdilər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin bir çox üzvləri məsuliyyətə cəlb olunublar.

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə həmin qətlin və bir sıra digər ağır cinayətlərin təşkilatçılarından və fəal iştirakçılarından olan, sözügedən mütəşəkkil qrupun istintaqdan yayınan daha 2 üzvü - Coşqun Kərimbəyli və Əhməd Kərimov müəyyən edilərək yaxalanıblar. Bununla da cinayətkar dəstənin tutularaq həbs edilən üzvlərinin sayı 18 nəfərə çatıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi