Hava şəraiti ilə əlaqədar "Azəryolservis"də xüsusi briqadalar yaradılıb

Hava şəraiti ilə əlaqədar "Azəryolservis"də xüsusi briqadalar yaradılıb Pünhan Mürsəliyev: "Hava şəraiti ilə bağlı bütün maşın və texnikalar saz vəziyyətə gətirilib"
Hadisə
8 Yanvar , 2015 11:39
Hava şəraiti ilə əlaqədar Azəryolservisdə xüsusi briqadalar yaradılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda yanvarın 8-dən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar "Azəryolservis" ASC-nin bütün maşın və texnikaları saz vəziyyətə gətirilib. Bu barədə "Report"a ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

O deyib ki, zəruri materiallardan ibarət ehtiyyat bazası yaradılıb. "Ehtiyyatda 25 min kubmetr qum və 1 660 ton texniki duz var. Bundan başqa, yolların qardan təmizlənməsi və lazımi işlərin görülməsi üçün 1 050 texnika ayrılıb".

P.Mürsəliyev qeyd edib ki, Bakı şəhərində hava şəraiti kəskin şəkildə dəyişərsə, bütün texnika və canlı qüvvəsi səfərbər olunacaq: "ASC-nin bütün yol istismarı idarələrində xüsusi briqadalar yaradılıb. İstər hava şəraiti sərt, istərsə də mülayim keçsin, istənilən halda bu briqadalar 24 saat çalışacaqlar. Xoşagəlməz hallar olarsa və ya hansısa ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranarsa texnika və canlı qüvvələr səfərbər olunacaq".

P.Mürsəliyev əlavə edib ki, bundan başqa, Azəryolservis ASC-nin yol istismarı idarələrində axşam saatlarından başlayaraq növbətçilik sistemi yaradılıb. "Həm regionlarda, həm də Bakıda baş verən mövcud vəziyyətlə bağlı məlumatlar qeyd olunur. Ümumiyyətlə, hazırda Bakı şəhərində heç bir problem yoxdur. Regionlarda isə müəyyən yerlər var ki, 7-20 sm qar yağıb. Texnikanın və canlı işçi qüvvəsinin köməyi ilə səhər saatlarından başlayaraq yollar qardan təmizlənib və nəqliyyatın hərəkəti bərpa olunub. Hazırda respublikanın bütün ərazilərində nəqliyyatın hərəkəti üçün heç bir problem yoxdur".

Mətbuat katibi bildirib ki, nəqliyyatın hərəkəti üçün əsas çətinliklər Ağsu aşırımında və Yevlax-Muğan yolunda olub: "Yol istismar idarələrinin texnika və canlı qüvvələri axşam saatlarından başlayaraq bölgələrdə səfərbər olunub. Masallı-Yardımlı, Lənkəran-Astara və Lənkəran-Lerik yollarında nəqliyyatın hərəkəti üçün qısa müddətli məhdudiyyətlər yaransa da, problemlər vaxtında aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa olunub".

Son xəbərlər

Orphus sistemi