Hakim Qalib Arifə xəbərdarlıq edib - YENİLƏNİB

Hakim Qalib Arifə xəbərdarlıq edib - YENİLƏNİB Hakim deyib ki, vəkil təqsirləndirilən şəxsə sual verən zaman heç kəs yerindən müdaxilə edə bilməz
Hadisə
26 Yanvar , 2018 15:33
Hakim Qalib Arifə xəbərdarlıq edib - YENİLƏNİB

Bakı. 26 yanvar. REPORT.AZ/ Təqsirləndirilən Arif Rəhimov ifadəsində bildirib ki, tələbə yoldaşları ilə birgə gedərkən yolda qəzaya düşüblər. 

"Report"un xəbərinə görə, o deyib ki, qəza zamanı yolun sağı ilə gedirmişlər: "Bu zaman qabağıma "Shaqman" markalı yük avtomobili çıxdı. Həmin avtomobilin sürücüsü qəflətən sağa dönmək istədiyi üçün mən məcbur olaraq sol zolağa çıxdım. Elə bildim "Prado" ilə toqquşmuşam, amma "Opel" avtomobilini vurmuşdum. Bizim maşında olan sərnişinlər salamat olduğu üçün elə bildim o birsi maşındakılar da yaxşıdır. Sonra onlara yaxınlaşıb, nəbzini yoxladım, artıq dünyalarını dəyişmişdilər. Mən hadisənin şokunda idim, özüm də yaralanmışdım. Amma təcili yardım maşını ilə getmədim, orada qaldım. Mən tibbi yoxlamaya axşam getmişəm".

O, mərhumun ailələrinə başsağlığı verib: "Qəza törətdiyim avtomobil atama məxsus idi, etibarnaməsiz sürürdüm. Avtomobildə gedən zaman sürəti xatırlamıram".

A.Rəhimov dindirilən zaman əməlindən peşman olduğunu söyləyib.

Sual-cavab hissəsində təqsirləndirilən şəxsin atası, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, zərərçəkmiş kimi tanınan Qalib Arif prosesə müdaxil edib.  

Hakim Q.Arifə xəbərdarlıq edib. Hakim deyib ki, vəkil təqsirləndirilən şəxsə sual verən zaman heç kəs yerindən müdaxilə edə bilməz.

Daha sonra zərərçəkmiş Əflatun Zəbiyev dindirilib. O söyləyib ki, qəzada ölən Füzili Əliyev, Kamal Məmmədov və digər zərərçəkmiş Mahir Məmmədovla Lerik rayonundan birgə gəliblər: "Maşında Mahir və Kamal da oturmuşdu. Yolda gedərkən birdən nəsə maşına çırpıldı. Hadisə zamanı Kamalla Füzuli öldü. Məni çölə çıxartdılar, pulqabım cibimdə yox idi. Arif həmin zaman heç kəsə yaxınlaşmayıb, yalan deyir. İndi Arif onların maşında necə qaldıqlarını izah etsin. Qəzada qiyməti 530 manat dəyəri olan 2 ədəd onluq qızılım da yoxa çıxdı. Hesab edirəm, onlar maşının içərisinə düşüb. Tələbim yoxdur, müalicə pulumu və qızıllarımı qaytarsalar da sağ olsunlar, qaytarmasalar da".


*** 14:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə mülki iddiaların daxil olduğu elan olunub.

Zərərçəkmiş Xalid Məmmədov 13 min 800 manat və 5 min dollar maddi, 40 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Digər zərərçəkmiş Gülnaz Əliyev 22 800 manat maddi, 10 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Zərərçəkmiş Vahir Məmmədov isə 6 min maddi, 5 min manat isə mənəvi ziyanın ödənilməsini istəyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Arif Rəhimov özünü qismən təqsirli bildiyini söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, sentyabrın 7-də, saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib. Məhkəmədə Q.Arif iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

Son xəbərlər

Orphus sistemi