Hakim: "Necə olur ki, bir əsgər 32 dəfə şəhər buraxılışına gedir?"

Hakim: "Necə olur ki, bir əsgər 32 dəfə şəhər buraxılışına gedir?" Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
25 Sentyabr , 2019 12:00
Hakim: Necə olur ki, bir əsgər 32 dəfə şəhər buraxılışına gedir?

Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahidlər dindirilib. Onlar K.Həsənovun komandir olduğu bölüyün əsgərləri olub. 

Şahid qismində dindirilən İsrafil Vəliyev bildirib ki, K.Həsənovun komandir olduğu bölükdə əsgər olub. Üç dəfə şəhər buraxılışına, bir dəfə uzunmüddətli məzuniyyətə getdiyini deyən şahid vurğulayıb ki, buna görə komandirə heç nə verməyib və başqalarının da pul verməsindən xəbəri yoxdur.

Şahid İxtiyar Məmmədov, Fədai Tapdıqov, Sahib Tapdıqov və Nicat Süleymanov da oxşar ifadə veriblər.

Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim bir əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub.

Təqsirləndirilən bunu belə izah edib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb və nümunəvi xidmətinə görə çox buraxılıb. Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış qeydiyyatı kitabının tədqiq ediləcəyini bildirib.

Proses oktyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı üçün 30-40 manat məbləğində rüşvət alıb.

İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.

O deyib ki, ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb və əsgərlərdən biri o birinə güllə atıb. Sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi