Hakim Hərbi Prokurorluğun iki əməkdaşının məhkəməyə məcburi gətirilməsi barədə qərar verib

Hakim Hərbi Prokurorluğun iki əməkdaşının məhkəməyə məcburi gətirilməsi barədə qərar verib Hərbi Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Vüqar Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Hadisə
30 Sentyabr , 2016 16:06
Hakim Hərbi Prokurorluğun iki əməkdaşının məhkəməyə məcburi gətirilməsi barədə qərar verib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Hərbi Məhkəməsində Hərbi Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Vüqar Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid Kamran Əlləzov dindirilib. A.Məmmədov bildirib ki, şahid məhkəmədə dindirilərkən istintaqa ilkin ifadəsini təsdiqləyib.

Hakim Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Mehdi Hüseynzadə və prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədovun məhkəmə iclaslarına gəlmədiyini deyib. Bunun üçün məhkəmə həmin şəxslərin barələrində məcburi gətirilmə haqqında qərar qəbul edilib.

Məhkəmə prosesi oktyabrın14-nə təyin edilib.

Qeyd edək ki, Hərbi Prokurorluğun yaydığı məlumata görə, Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun başçılığı ilə HDQ-nin qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxsi barəsində Respublika Hərbi Prokurorluğunda aparılmış cinayət işi üzrə istintaq qrupunun üzvü kimi fəaliyyət göstərmiş müstəntiq V.Məmmədlinin barəsində HDQ-nin yanacaq xidmətinin sabiq rəisi, hazırda həbsdə olan polkovnik-leytenant Kazım Əsgərovun müraciəti əsasında aparılmış xidməti yoxlamanın nəticələrinə görə o, 2015-ci ilin oktyabr ayında tutduğu vəzifədən kənarlaşdırılmaqla, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

V.Məmmədli Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi