Yuxarı
    Bağlamaq

    Binəqədidə yanan binaya görə məhkəmə prosesində hakimlə vəkil arasında mübashisə düşüb - YENİLƏNİB

    Prosesdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi elan olunub

    *** 15:22

    Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    "Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin 28-ci cildindəki sənədlərin tədqiqi elan edilib.

    Həmin zaman “poliuretan” məmulatının istehsalı ilə bağlı Səhiyyə Nazirliyinin əsasnaməsi və əmri elan olunub.

    Hakim bildirib ki, ekspert rəyinə əsasən, Binəqədidə binanın yanmasına görə dəyən ziyanın məbləği 2,9 milyon manatdır: "Buraya evlərdə yanan əşyalar da daxildir".

    Vəkil Nüşabə Ağayeva məhkəmə iclasından yarımçıq getmək istədiyini bildirib: "Mənim digər məhkəmə iclasım var. Buna görə icazə vermənizi xahiş edirəm".

    Hakim isə ona icazə verməyib. Bundan sonra vəkil və hakim arasında mübashisə düşüb.

    Daha sonra Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi elan olunub. Rəydə qeyd edilib ki, üzlüklərin alınmasında istifadə olunan avadanlıqlara kənar müdaxilə qeyri-mümkündür: "Xaricdən alınan xammal qapaqları germetik bağlanan plomblanmış çənlərdə gəlir". Bundan başqa, rəyə əsasən, yanğının mənbəyi binaya bitişik yerləşən qeyri-yaşayış sahəsinin damının üstündə, binanın divarından 70-80 sm ara məsafədə yerləşib.

    Məhkəmənin növbəti iclası dekabrın13-nə təyin edilib.

    Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

    Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

    A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi