"Cənubi Qafqazda ən çox azərbaycanlılar mina qurbanı olub".
"Report" xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov qurumun “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihənin sona çatması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hər gün, demək olar, mina qurbanı barədə məlumatlar alınır: "Təəssüf ki, mina öz qurbanını seçmir. Ona görə də diqqətli olmaq lazımdır. Bundan sonra da belə hadisələr olacaq. Biz maksimalist deyilik, reallığı anlayırıq. Amma həm də mina qurbanlarının sayının minimum olmasına çalışırıq. Mülki şəxslərlə bağlı durum xüsusilə ürəkaçan deyil. Bunun əsas səbəblərindən biri isə özfəaliyyətdir".
"Hazırda əsas problem işğaldan azad olunmuş ərazilərin böyüklüyü və ərazilərin ciddi minalanması ilə bağlıdır. Çünki ermənilər 2020-ci ildə geri çəkilərkən də əraziləri minalayıblar. Eyni zamanda Kəlbəcərdə 2020-ci il istehsallı minalara rast gəlinib. Buna baxmayaraq, biz ərazilərin minalardan təmizlənməsi üçün bütün vasitələrdən istifadə edirik", - H.Səfixanov bildirib.