Yuxarı

Hacıqabulda törədilən dəhşətli qətlin təfərrüatları məlum olub - FOTO

Mərhum son nəfəsində həyat yoldaşına zəng edərək cinayətkarların adını deyib

Hacıqabul. 19 avqust. REPORT.AZ/ Ötən gün Hacıqabulda baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub.

“Report”un Aran bürosu mərhumun yaxınlarına istinadən xəbər verir ki, əslən Kolanı kəndindən olan Rusiya vətəndaşı, 46 yaşlı Cahangir Şirəliyev qan düşmənçiliyi zəminində bıçaq, dəmir ling və digər küt alətlərlərlə silahlanmış 8 nəfər tərəfindən ata yurdunda döyülərək xüsusi amansızlıqla qətlə yetirilib.

Kəllə-beyin travması, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr və 4 bıçaq yarası alan Cahangir Şirəliyev hadisə yerində dünyasını dəyişib.

Qətlə yetirilən şəxsin həyat yoldaşı Fəridə Şirəliyeva ərinin son nəfəsində ona zəng edərək 29 saniyə danışdığını bildirib və onun kimlər tərəfindən döyüldüyünü ona deyib:

“Məni Davud, Rövşən, Natiq (Ədilovlar) və onların uşaqları döyüb, qanın içindəyəm, ölürəm, atana de, məni xəstəxanaya çatdırsın”.

Daha sonra səs kəsilib. Son anda köməyə gələn qohumu artıq Cahangirin öldüyünü görüb.

Qətldə iştrak edənlərdən biri - başından yaralanaraq Hacıqabul rayon xəstəxanasına yerləşdirilən Davud Ədilovun keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olduğu bildirilir. Qətlin onun tərəfindən, ötən ilin avqust ayında öldürülən qardaşı oğlu Habil Ədilovun intiqamını almaq məqsədi ilə planlaşdırıldığı qeyd olunur. Belə ki, Cahangir Şirəliyevi qətlə yetirməyi planlaşdıran qohumlar onu aldadaraq kəndə barışmaq üçün çağırıblar. Əslində isə onların fikiri barışıq yox, Cahangiri məhz mərhum Habil Ədilovun ölümünün ildönümü ərəfəsində (avqust ayında) qətlə yetirmək olub. Aralarında düşmənçilik olduğundan ailəsi ilə kənddəki evlərini tərk edən Cahangir Şirəliyev artıq bir il idi ki, Şirvanda yaşayırdı. Ədavəti davam etdirən Ədilovlar isə Şirəliyevlərin ata evlərini dağıdaraq əsl xarabazara çeviriblər.

Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 82 yaşlı Sərhəd Səhət oğlu Şirəliyev ötən il avqust ayında qohumu, 45 yaşlı Habil Nəcəf oğlu Ədilovu ov tüfəngi ilə öldürüb.

Hadisə ilə əlaqədar bir neçə nəfər istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hələlik faktla bağlı bir nəfər - mərhum Habil Ədilovun azyaşlı oğlu, 17 yaşlı Nəcəf Ədilov saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi