Yuxarı

Hacıbala Abutalıbov: "Hər bir ailənin adına bank hesabı açılacaq və pullar birbaşa həmin hesablara köçürüləcək"

Kirayənişinlərə heç bir kompensasiya ödənilməyəcək

Bakı. 21 may. REPORT.AZ/ Bakının Binəqədi rayonunda yanğın baş verən binada həlak olmuş 15 sakinin ailəsinə ilkin olaraq 15 min manat pul veriləcək. Əgər bir ailədən iki nəfər həlak olubsa, 30 min manat pul ödəniləcək". "Report"un məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəsarət almağından asılı olmayaraq, 56 ailəyə ilkin olaraq 20 min manat pul veriləcək: "Bu, yalnız ilkin ödənişdir. Qeydə alınan başqa itkilər üçünsə əlavə ödəniş həyata keçiriləcək. Sabahdan etibarən bu proses başlayacaq. Hər bir ailənin adına şəxsi bank hesabı açılacaq və pullar birbaşa həmin hesablara köçürüləcək. Mən zərərçəkmiş hər bir kəslə görüşəcəyəm və onlara pullarını götürmələri üçün şəxsi bank hesablarının kodlarını təqdim edəcəyəm".

H.Abutalıbov deyib ki, bu gündən etibarən hər kəs arayış hazırlamalı və ailədə neçə nəfər olduğunu təqdim etməlidir: "Hər bir ailə 18 yaşı tamam olmuş üzvünü notarial qaydada təsdiqləməlidir. Ailə üzvləri notarial qaydada bir nəfərə onun adına şəxsi bank hesabının açılmasını və icra hakimiyyətinin pulu həmin hesaba köçürülməsinə icazə verməlidir".  

O vurğulayıb ki, bina sakinlərindən xaricdə yaşayanlar ailə üzvlərinə səfirlik vasitəsilə notarial qaydada təsdiq olunmuş etibarnamə göndərməlidir: "Ancaq həmin binada evini kirayə veribsə, kirayənişinlə müqaviləsinin olduğu barədə sənəd göndərməlidir. Belə olan halda onlar bütün güzəştlərdən yararlana bilərlər. Əks təqdirdə heç bir kompensasiya ödənilməyəcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi