Yuxarı

Habil Vəliyevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər

Habil Vəliyevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər
Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rasim Bağırov ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Məndən video görüntülərlə bağlı pul istədi. Habil Vəliyevə ümumilkdə 7300 manat pul vermişəm. Hazırda şikayətim yoxdur".

Sonra zərərçəkmişin məhkəməyə verdiyi ərizəsi elan olunub.

Daha sonra digər zərərəçəkmiş Fuad Məmmədov dindirilib. O qeyd edib ki, H.Vəliyevə 2000 min manat pul verib: "Qəzetində adımdan əxlaqsızlıq yuvası ilə bağlı yazı getmişdi. Pulu Surxay Əliyevə verdim. O bildirdi ki, pul Habil Vəliyevə çatacaq. Hazırda şikayətim və tələbim yoxdur".

Zərərçəkmiş Xəyyam Həsənov ifadəsində söyləyib ki, Bakıda obyekti ilə bağlı H.Vəliyevin "Gündəlik Bakı" qəzetində yazı çap olunub: "Buna görə də 2000 min manat pul verdim. Düzdü, pulu şəxsən ona təqdim etməmişəm".

X.Həsənov ona dəyən ziyanın ödənildiyini deyib: "Artıq barışmışıq".

Zərərçəkmiş Qabil Hüseynov dindirilən zaman H.Vəliyevə 43300 manat pul verdiyini söyləyib: "O, mənim obyektimlə bağlı qəzetində yazı yazmışdı. Sonra Habil Vəliyev məndən pul tələb etdi".

Q.Hüseynov da digər zərərçəkmişlər kimi şikayətinin olmadığını, ona dəyən ziyanın ödənildiyini bildirib.

Nofəl Musayev də ifafəsində H.Vəliyevin ondan 3000 manat pul aldığını qeyd edib: "Yazı obyektlə bağlı idi, Habil Vəliyev qəzetində yazmışdı. 3000 manat pul tələb etdi, mən də verdim. Artıq zərər ödənilib şikayətçi deyiləm".

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib. 

Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb. Həmin şəxslərin də cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi