Habil Vəliyev DTX-nın istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb

Habil Vəliyev DTX-nın istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gündəlik Bakı qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
26 Dekabr , 2017 15:34
Habil Vəliyev DTX-nın istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanıldığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktında 12 epizod qeyd olunub. H.Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

H.Vəliyevin vəkili çıxış edərək bildirib ki, əvvəl zərərçəkənlər, şahidlər və sonda müvəkkili məhkəmədə dindirilsin.

Zərərçəkmiş Asif Bağırovun nümayəndəsi söyləyib ki, müvəkkili ona dəymiş ziyanın ödənildiyini deyib, heç bir şikayəti yoxdur.

Hakim bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından məhkəməyə məktub daxil olub: "Məktubda bildirilib ki, Habil Vəliyev Ədliyyə Nazirliyinin Penitenisiar xidmətinin istintaq təcridxanasına köçürülsün".

Məhkəmə H.Vəliyevi DTX-nın istintaq təcridxanasından Ədliyyə Nazirliyinin Penitenisiar xidmətinin Bakı istintaq təcridxanasına köçürülməsi barədə qərar çıxarıb.

Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib

Xatırladaq ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

Qeyd edək ki, DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb.

Son xəbərlər

Orphus sistemi