Gürcüstanın Milli Qida Agentliyi Marneuli rayonunun Qızılhacılı kəndində fermer İlqar Qaxacova məxsus təsərrüfatda mal-qara arasında baş vermiş kütləvi tələfatla bağlı araşdırmaya başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Agentliyin Baytarlıq Departamentinin nümayəndələri laborator araşdırma üçün nümunələr götürüblər.
Laboratoriya araşdırmasından sonra mal-qaranın kütləvi tələf olmasının səbəbi müəyyən olunacaq. İlkin qiymətləndirmələrə əsasən, mal-qaranın zəhərlənməsi hər hansı bir infeksiya və ya təhlükəli xəstəliklə bağlı deyil.
Kütləvi tələfata mal-qara sahibinin dərman preparatını baytar həkimin nəzarəti olmadan düzgün dozada hazırlamadığı ehtimal olunur.
Milli Qida Agentliyindən kütləvi zəhərlənmə nəticəsində 54 baş mal-qaranın tələf olduğu bildirilib.