Bakı. 25 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Baxış zamanı, həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə 53 400 ədəd “NZ” markalı siqaret aşkar edilib.
İdarənin “Xanoba” gömrük postunda isə Rusiyadan gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və həmin vətəndaşa məxsus çantadan 1 ədəd pnevmatik tapança və 1 ədəd siqnal tapançası aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.