Gömrük Hospitalının iranlı həkiminin məhkəməsində gömrüyün baş inspektoru dindirilib

Gömrük Hospitalının iranlı həkiminin məhkəməsində gömrüyün baş inspektoru dindirilib Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib
Hadisə
1 İyun , 2018 16:05
Gömrük Hospitalının iranlı həkiminin məhkəməsində gömrüyün baş inspektoru dindirilib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Jahani Hiveh Hamid Mohammadın müdafiəsinə yeni vəkil Əli Həsənovun qoşulduğu elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Jahani Hiveh Hamid Mohammad özünü təqsirli bilmədiyini və Ghahremani Hafez Habib isə özünü qismən təqsirli bildiyini deyib.

Təqsirləndirilən şəxslərdən Ghahremani Hafez Habib ifadəsində söyləyib ki, avtobus sürücüsü olub: "Tehranda mənə Qulaməli adlı həkim çanta verdi ki, Bakıya aparım. Həmin çantanın içərisində krem olduğunu dedi. Mən də onu avtobusda səbətin içərisinə qoydum. Gömrükdə rentgendən keçdi, amma heç nə demədilər. Mən də Bakıya avtovağzala gəldim. Orada çantanı Jahaniyə verdim. O isə mənə 500 dollar verdi. Həmin puldan isə 100 dollar mənə, qalanı Qulaməliyə çatmalı idi. Bu zamanı bizi tutdular".

O, əməlindən peşman olduğunu vurğulayıb.

Şahid qismində Nurəddin Quliyev dindirilib. O, Astara gömrük keçid məntəqəsinin baş inspektoru vəzifəsində çalışdığını, təqsirləndirilən Ghahremani Hafezi uzun müddətdir tanıdığını söyləyib: "İrandan gələn maşınları yoxlayırıq. Bunun avtobusunu da yoxlayıb yola saldıq. Həmin zaman avtobusda heç nə görmədik. Özüm şəxsən avtobsda yoxlama aparmışam. Sürücünün özündə isə şəxsi yoxlama aparılmayıb, amma sorğu-sual edilib. Çünkü bu, təkrar edilən prosesdir".

Təqsirləndirilən şəxs isə gömrük keçid məntəqəsində çantanı aşağı düşürüb başqa rentgen aparatından keçirdiyini vurğulayıb.

Şahid isə bildirib ki, yüklərin keçirildiyi rentgen aparatına baxmır.

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.

Qeyd edək ki, İran vətəndaşı olan Jahani Hiveh Hamid Mohammad uzun illərdir Azərbaycanda yaşayır və Dövlət Gömrük Hospitalında cərrah-həkim kimi çalışır. O, hazırlıq iclasında məhkəmə zalında həbs olunub.

Baş prokurorluğun yaydığı məlumata görə, son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanılıb.

Jahani Hiveh Hamid Mohammadin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilərək götürülüb.

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Hamid Mohammad kuryer xidmətlərindən istifadə etdiyi qohumu-Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99-KP-072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkar edilərək götürülüb.

Aparılmış istintaqla həmçinin müəyyən edilmişdir ki, İran İslam Respublikasının vətəndaşı Ghahremani Hafez Habib “Dərman Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələbinə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyi və ya onun səlahiyyət verdiyi qurum tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra yol verildiyi halda, qanunun həmin tələbini pozaraq, Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi “Scania” markalı 86b666-10 qeydiyyat nişanlı sərnişin avtobusu ilə 21 fevral 2018-ci il tarixdə saat 11 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən külli miqdarda malları-100 ədəd “Canotix 50 units” dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir.

İstintaqla daha sonra müəyyən edilib ki, Abizadə İmran İbrahim oğlu qanunsuz olaraq dərman preparatları və kosmotoloji vasitələrin satışı ilə məşğul olmaq üçün 2017-ci ilin noyabrından 2018-ci il fevralın 20-dək olan dövr ərzində müxtəlif vaxtlarda İran İslam Respublikasından Azərbaycan Respublikasına Astara Gömrük keçid məntəqəsindən gömrük nəzarətindən hissə-hissə gizli keçirdiyi külli miqdarda malları - cəmi 16.515 manat dəyərində 245 ədəd mənşəyi məlum olmayan “Canotix 100 units” dərman preparatını Bakı şəhər sakini Qələndərova Zəkiyyə Qəzənfər qızına satmışdır.

Qeyd edilən faktlarla Jahani Hiveh Çi Hamid, Fakhri Dameşgiyeh Xosro, Qəhrəmani Hafez Habib və Abizadə İmran İbrahim oğlu dərman vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olmaqla və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuşdur. Jahani Hiveh Chi Hamid və Abizadə İmran İbrahim oğlunun barəsində polisin nəzarəti altına vermə, Fakhri Dameşgiyeh Xosronun və Ghahremani Hafez Habib barəsində isə həbs növündə qətimkan tədbirləri seçilməyib.

Son xəbərlər

Orphus sistemi