Yuxarı

Gömrük Hospitalının əməkdaşları məhkəmədə dindiriliblər

Gömrük Hospitalının əməkdaşları məhkəmədə dindiriliblər
© Report

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gömrük Hospitalının mühasibi Elnurə Novruzlu ifadə verib.

O qeyd edib ki, gün ərzində kassaya yığılan pul F.Məmmədliyə təqdim edilib, gündəlik gəlir heç vaxt tam olaraq rəsmiləşdirilməyib: "Xəstələrin siyahısını da ona verirdim. Səhər isə Fərman müəllim mənə həmin siyahını verirdi. Siyahıda rəsmiləşdiriləcək adların qarşısına işarə qoyulurdu. Mən də həmin siyahını rəsmiləşdirirdim. Gündəlik gəlirin ən çox 30 faizi rəsmiləşdirilib. Bəzən 30, bəzən də 1000 manat rəsmiləşdirilirdi. Amma ən çox 30 faizi rəsmiləşdirirdik. Bunu da idarə rəisinin göstərişi ilə edirdik".

Suallara cavab verən E.Novruzlu deyib ki, hospitalda bütün işlər idarə rəsi Fikrət Qədiməliyevin nəzarəti ilə həyata keçirilib: "Yeməkxanadan 300-400 manat gəlir gəlirdi. Amma aptekin gəlirindən xəbərim yoxdur".

E.Novruzlu söyləyib ki, hospitalda "Silinmə Komissiyası" olub: "Mən niyə həmin komissiyanın üzvü olduğumu bilmirəm. Amma sənəd gələndə imzalayırdıq. Həmin siyahıda xəstələrə verilən dərmanlar var idi".

Daha sonra digər şahid İltizam Hüseynəliyev də ifadə verib. O, Gömrük Hospitalında xəzinədar vəzifəsində işlədiyini bildirib. İ.Hüseynəliyev deyib ki, xəstələrdən aldığı pulun qarşılığında onlara qəbz verib, günün sonunda isə pulları mühasib Elnurə Novruzluya təqdim edib.

Hospitalın digər xəzinədarı vəzifəsində işləmiş Rəna Məmmədova, Rəna Hacıyeva, Aynurə Şirinova da ifadə veriblər. Onlar eyni məzmunlu ifadə verərək xəstələrə ödəniş qarşılığında qəbz verdiklərini deyiblər.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi