Gəncədə Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib

Gəncədə Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib Gəncə. 26 fevral. REPORT.AZ/ Gəncə şəhərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib.
Hadisə
26 Fevral , 2018 14:26
Gəncədə Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib

Gəncə. 26 fevral. REPORT.AZ/ Gəncə şəhərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Xocalı sakinlərinin məskunlaşdığı qəsəbədə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər. İcra  başçısı E.Vəliyev və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar.

Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt silinməyəcək. O əlavə edib ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında qeyd edib ki, bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib: "Ümummilli liderin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı günü elan edilib. Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, o cümldən ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur."

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

Sonra icra başçısı Elmar Vəliyev sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Son xəbərlər

Orphus sistemi