Gəncədə qadın əmisi ilə əlbir olaraq keçmiş ərinin evindən oğurluq edib

Gəncədə qadın əmisi ilə əlbir olaraq keçmiş ərinin evindən oğurluq edib Bakı. 11 iyun. REPORT.AZ/ Gəncə şəhərində qadın əmisi ilə əlbir olaraq keçmiş ərinin evindən oğurluq edib.
Hadisə
11 İyun , 2018 16:32
Gəncədə qadın əmisi ilə əlbir olaraq keçmiş ərinin evindən oğurluq edib
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Gəncə şəhərində qadın əmisi ilə əlbir olaraq keçmiş ərinin evindən oğurluq edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Mahnur Azər qızı Məhərrəmova əmisi Nofəl Ağamirzə oğlu Məhərrəmovla birlikdə 5 il əvvəl boşandığı ərinin evinə girərək oradan evin sənədlərini, bahalı spirtli içkilər, qızıl-zinət və digər qiymətli əşyaları oğurlayıblar. 

Nofəl Məhərrəmov evdə heç kimin olmadığına əmin olduqdan sonra qardaşı qızı Mahnur Məhərrəmovanın köməkliyi ilə onun keçmiş həyat yoldaşının yaşadığı evə girib. Bu zaman Mahnur Məhərrəmova keçmiş həyat yoldaşına zəng edib. Keçmiş ərinin və qaynanasının harada olduğunu öyrənib. Oğurluq əməlini yekunlaşdırana qədər qadın uşaqlarını ataları ilə danışdıraraq onun başını qatıb. 

Qeyd edək ki, Göygöl rayonunun Topalhəsənli kənd sakini, 45 yaşlı Nofəl Məhərrəmov bir neçə il bundan əvvəl həmkəndlisini qətlə yetirdiyinə görə həbs edilib və 3 ay əvvəl azadlığa buraxılıb. O, əvvəllər Rusiya Federasiyasında oğurluq etdiyinə görə 2 dəfə məhkumluq həyatı yaşayıb. 

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər - M.Məhərrəmova və N.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Onlar törətdikləri əməli etiraf ediblər. Saxlanılan şəxslər qızıl-zinət əşyalarını qaytarsalar da, evin sənədlərini və digər qiymətli əşyaları geri verməyiblər və bununla bağlı məhkəməyə müraciət edilib. 

Kəpəz Rayon Məhkəməsində keçirilən prosesdə Mahnur və onun əmisi Nofəl Məhərrəmovlar məhkəmə zalından azadlığa buraxılıblar. 

Mahnur Məhərrəmovanın keçmiş qayınanası, zərərçəkən Kəmalə Mehdiyeva "Report"un Qərb bürosuna bildirib ki, keçmiş gəlini əmisi ilə birlikdə onun oğluna zəng edərək ölümlə hədələyir: "Məhkəmə zalından azadlığa buraxılan gəlinim və onun əmisi dəfələrlə mənə və oğluma zəng edərək bizim yaşadığımız evə partlayıcı maddə qoyaraq evi yandıracaqlarını, məni və oğlumu öldürəcəklərini deyirlər. Biz artıq evdən çölə çıxmağa da qorxuruq. Çünki onların əlindən hər şey gələr. Necə olur ki, törətdiyi cinayət əməlini etiraf edən şəxslər məhkəmə zalından azadlığa buraxılsın!? Məhkəmə prosesinə sədrlik edən hakim gəlinim və onun əmisini sərbəst buraxmağı barədə qərarı guya bizim həmin şəxslərdən şikayətimizin olmaması ilə əlaqələndirərək verib. Şikayəti olmayanın məhkəmədə nə iş var?! Düzdür onlar qızılları geri qaytarsalar da, digər bahalı əşyaları və evin sənədlərini qaytarmayıblar. Biz də məhkəməyə buna görə müraciət etmişdik". 

Kəpəz Rayon Məhkəməsindən bildirilib ki, hakim həmin şəxslərin oğurladıqları əşyaları geri qaytarması və şikayətin olmaması səbəbindən sərbəst buraxılmaları barədə qərar çıxarıb. 

K.Mehdiyeva əlavə edib ki, o, məhkəmədə şikayətçi olduğunu və işə yenidən baxılmasını istəyib: "Məhkəmə qərarında müstəntiq Fərid İskəndərov bildirib ki, mən şikayətçi deyiləm. Ona niyə yalan məlumat verdiyi barədə sual verəndə isə cavab verdi ki, mən belə söz deməmişəm, məhkəmə özündən yazıb. Məhkəmədə də Mahnur iştirak etməyb".

Daha sonra zərərçəkən məhkəmənin hökmündən apellyasiya şikayəti verib. 

K.Mehdiyeva deyib ki, Gəncə Apellyasiya Məhkəməsində qəribə olay baş verib: "Prosesdə hakim Mahnur və Nofəl Məhərrəmovların törətdiyi əmələ görə bir neçə dəfə qəzəblənib və təqsirləndirilən şəxslərlə sərt rəftar edib. Hakimin müttəhimlərlə belə davranışından sonra düşündük ki, bizim xeyrimizə qərar çıxacaq. Lakin hakim 1 saatlıq fasilədən qayıdandan sonra bizim şikayətimizin təmin olunmadığını elan etdi". 

K. Mehdiyeva qeyd edib ki, baş verən hadisə ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova və Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədova şikayət ərizəsi yazıb: "Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov və Kəpəz Rayon Polis İdarəsinin rəisi Vüqar Xəlilovdan başqa heç kim vətəndaşa hörmətlə yanaşmır, vətəndaşın problemini dinləmir".

Zərərçəkən Kəmalə Mehdiyeva

Zərərçəkənin sözlərinə görə, oğlu Mahnur Məhərrəmovadan 5 il əvvəl ayrılıb: "Mən istəmirdim ki, vəziyyət bu həddə gəlib çatsın və oğlumun ailəsi dağılsın. Çünki onların iki övladı var. Mən də nəvələrimi çox istəyirəm. Lakin Mahnur normal qadın deyil. Onun psixoloji problemləri var. Heç bir səbəb olmadan dəfələrlə evdən qaçıb və günlərlə evə qayıtmayıb. Hər iki qolunu kəsici alətlərlə doğrayıb. Mən istəmirəm ki, nəvələrim belə bir qadının yanında böyüsünlər. Evdən qaçanda hara getdiyini heç onun valideynləri də bilmirdi. Elə vaxt olurdu ki, onun atası, anası, mənim oğlum və mən günlərlə onu axtarırdıq, amma tapa bilmirdik. Bir neçə gündən sonra heç nə olmamış kimi özü gəlib deyirdi ki, filan yerə getmişdim və ya filan rəfiqəmgildə qalmışdım. Onun üçün aldığımız bütün qızılları icazəsiz aparıb satırdı. Buna görə də ailəmizdə söz-söhbət yaranırdı. Deyirdi ki, pula ehtiyacı olduğu üçün qızılları satıb. Mən də hər dəfə nə qədər pul lazımdırsa verməyi, o qızılları kimə satıbsa geri almağı təklif edirdim. Oğlum da bütün bunlardan bezdi və birgə razılıq əsasında boşandılar. Boşanan zaman cehiz olaraq bizə gətirdiyi bütün əşyalarını özünə verdik. Hətta bununla bağlı Mənzil İstismar İdarəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib olundu ki, onun bizdə heç bir əşyası qalmayıb. Boşandıqdan sonra bir müddət atası ilə yaşadı. Anasının ölümündən sonra atası onun davranışına görə də evdən qovdu. Sonra əmisi Nofəl türmədən çıxdı və onunla birlikdə atasının yanına qayıtdı. Onu da deyim ki, Mahnur və onun atası Azər Rusiya Federasiyasının vətəndaşlarıdır". 

Son xəbərlər

Orphus sistemi