Gəncə. 11 may. REPORT.AZ/ Gəncədə baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
"Report"un xəbərinə görə, hadisə şəhərin 1-ci mikrorayon ərazisindən Vaqif küçəsinə gedən yolda, Gəncə Əyləncə Mərkəzinin qarşısında baş verib.
Belə ki, "VAZ-2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ- 2106" markalı avtomobilin sürücüsü və sərnişini ölüb. Həmin maşının digər sərnişini isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. "Mercedes" markalı avtomobilin sürücüsü isə baş nahiyəsindən zədə alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda hadisə nəticəsində ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir.


