Gəncədə "İdman paradı" keçirilib

Gəncədə "İdman paradı" keçirilib Gəncə. 19 may. REPORT.AZ/ Gəncə şəhərinin 2019-cu ildə Avropa İdman Şəhəri tituluna layiq görülməsi münasibətilə “İdman paradı” keçirilib.
Hadisə
19 May , 2018 16:32
Gəncədə İdman paradı keçirilib

Gəncə. 19 may. REPORT.AZ/ Gəncə şəhərinin 2019-cu ildə Avropa İdman Şəhəri tituluna layiq görülməsi münasibətilə “İdman paradı” keçirilib. 

"Report"un Qərb bürosunun məlumatına görə, 5 mindən artıq parad iştirakçısı hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev prospekti, Gəncə Dövlət Universitetinin III tədris binasının önündən şəhərin Baş meydanına yürüş edib.

Onların arasında olimpiya, Avropa və dünya çempionları, şəhərin idman məktəblərində çalışan məşqçi-müəllimlər, həmin təlim müəssisələrində təhsil alan şagirdlər, "Kəpəz" futbol klubunun əsas və əvəzedici heyəti, orta məktəb “Şahin”ləri, habelə tələbə-gənclər yer alıb. Gəncə Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən parada YAP Gəncə şəhər Təşkilatının fəal gəncləri də qoşulub.

Gəncənin mərkəzi meydanına gələn parad iştirakçıları burada alqışlarla qarşılanıblar. Havaya rəmzi olaraq rəngli şarlar və sülh göyərçinləri uçurulub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə ACES Europe təşkilatı tərəfindən növbəti il üçün Avropanın İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə bütün gəncəliləri təbrik edən şəhər rəhbəri bildirib ki, növbəti il Gənclər və İdman, Təhsil nazirlikləri, o cümlədən digər müvafiq qurumlarla birgə şəhərdə müxtəlif layihələr reallaşdırılacaq. O, Avropanın İdman Şəhəri adını layiqincə daşımağa çalışacaqlarını əlavə edib. 

Gəncədə hazırda 3 idman məktəbi, peşəkar “Kəpəz” və həvəskar “Xəmsə” futbol klubları fəaliyyət göstərir.

Parad idmançıların nümunəvi çıxışları və futbol matçı ilə davam edib.

Qeyd edək ki, ACES Europe, yəni Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilatdır. Qurum hər il 9 - 19 şəhəri “Avropa İdman Şəhəri”, 1 şəhəri isə “Avropa İdman Paytaxtı” titulu ilə təltif edir. Layihə 4 ildir həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi