Gəncə. 18 yanvar. REPORT.AZ/ Gəncə şəhərində yolu keçmək istəyən piyadanı maşın vurub.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Raqif Əli oğlu Həsənov yolun qarşı tərəfinə keçmək istəyərkən onu avtomobil vurub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.