Bakı. 4 dekabr. REPORT.AZ/ Gəncə Radio Televiziya Yayım Filialının rəisi vəfat edib. "Report"un xəbərinə görə, filialın rəisi 67 yaşlı Arzuman Ağayev dünyasını dəyişib.
Mərhum ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş. O, 3 dəfə ürək əməliyyatı keçiribmiş. Sonuncu əməliyyat 2 ay əvvəl olubmuş.
A.Ağayev doğulduğu İsmayıllı rayonunda dəfn olunub.
Qeyd edək ki, Ağayev Arzuman Əlövsət oğlu 1949-cu il oktyabr ayının 6-da İsmayıllı rayonunda anadan olub.
1966-1969-cu illərdə Bakı Rabitə Texnikumunun Radio Rabitə və TV Texnikası fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə Azərbaycan Televiziya Mərkəzində elektro-mexanik vəzifəsində işləyib. 1972-1974-cü illərdə Sovet Ordusunda Hərbi xidmətdə olub. 1974-1977-ci illərdə Azərbaycan Politexnik İnistitunun Radiotexnika fakültəsində təhsil alıb.
1974-1989-cu illərdə Respublika Radio Televiziya Mərkəzində elektro-mexanik, baş elektromexanik və mühəndis vəzifələrində işləyib.
1989-2005-ci illərdə Rabitə Nazirliyinin Radio Elektron Vasitələrinin Elektromaqnit Uzlaşması Mərkəzində mühəndis, şöbə rəisi, mərkəzin rəisi vəzifəsində işləyib.
2005-2006-cı illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində şöbə rəisi vəzifəsində işləyib. 2006-cı ilin yanvar ayından Teleradio İB-də işləyib.