Gənc qızın ölümünə görə tutulan klinika həkimlərinə və direktoruna hökm oxunub

Gənc qızın ölümünə görə tutulan klinika həkimlərinə və direktoruna hökm oxunub Cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
8 Oktyabr , 2018 15:26
Gənc qızın ölümünə görə tutulan klinika həkimlərinə və direktoruna hökm oxunub

Bakı. 8 oktyabr. REPORT.AZ/ Yasamal rayon Məhkəməsində “StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı 18 yaşlı qızın ölümünə səbəb olmaqda təqsirləndirilən cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.

Məhkəmənin hökmü ilə E.Quluzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib.

C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Hər üç həkim hökmdən apellyasiya şikayəti verib. 

Xatırladaq ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Həmin şəxslərin barəsində polisin nəzarətinə verilmə və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi