“GEN” MMC-nin baş mühasibinin apellyasiya şikayətinə baxılıb

“GEN” MMC-nin baş mühasibinin apellyasiya şikayətinə baxılıb Apellyasiya şikayəti təmin edilməyib
Hadisə
25 Aprel , 2016 09:12
“GEN” MMC-nin baş mühasibinin apellyasiya şikayətinə baxılıb

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “GEN” MMC-nin baş mühasibi Əliyar Abbasovun cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Nizami Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb. Ə.Abbasovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 2008-ci il iyunun 11-də, MMC-nin baş mühasibi Əliyar Abbasov isə iyulun 1-də həbs edilib. İstintaq dövründə dəstənin digər üzvləri - 11 nəfər barəsində həbs qərarı çıxarılıb. Həmin şəxslər minə yaxın vətəndaşa ev tikmək adı ilə aldadaraq milyonlarla manat pulu ələ keçiriblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

2010-cu il may ayının 13-də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “GEN” MMC-nin rəhbəri E.Əliyev 12 il, Nəbi Məmmədov 11 il, Ə.Abbasov, Həbib Ağayev, Asif Ələmov və Ramil Əliyev 10 il, Kamran Əhmədov 9 il, İlkin Səfərov 8 il, Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmin şəxslərin əmlakları da müsadirə olunub. Onların arasında zaminə buraxılmış 4 nəfər də məhkəmə zalında həbs edilib.

Ə.Abbasov azadlığa çıxmaq üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair verdiyi ərizəsini təmin etməyib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi