Yuxarı

Bakıda "Galendewagen"lə piyadanı vuraraq öldürən şəxs həbs olunub, onun silahlı insidentdə iştirakı da araşdırılır - RƏSMİ

Bakıda "Galendewagen"lə piyadanı vuraraq öldürən şəxs həbs olunub, onun silahlı insidentdə iştirakı da araşdırılır - RƏSMİ
O, avtomobili etibarnamə olmadan idarə edirmiş və sürət həddini aşıb

Bakı. 22 iyul. REPORT.AZ/ Bakıda "Mercedes Benz-Galendewagen" markalı avtomobillə yolu keçmək istəyən piyadanı vuraraq öldürən şəxs həbs olunub.  

"Report" xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu bununla bağlı birgə məlumat yayıb.  

Birgə məlumatda qeyd edilib ki, iyulun 20-də saat 18 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Səfiyev Bəhman Süleyman oğlu etibarnamə olmadan idarə etdiyi, tanışı - 1979-cu il təvəllüdlü, Bakı şəhəri sakini İsayev Rəşad Zakir oğluna məxsus “Mercedes Benz G63” markalı, 10 LJ 010 dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən sürətin maksimum həddinin 90 km/saata qədər məhdudlaşdırıldığı sahədə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Bakı-Bilgəh yolu ilə saatda 100 km/saat sürətlə hərəkət edərkən yolu keçən piyada - 1959-cu il təvəllüdlü, Buzovna qəsəbəsində kirayədə yaşayan Musayev Elman Zaman oğlunu ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Məlumatla əlaqədar əməliyyat-istintaq qrupu yaradılaraq dərhal hadisə yerinə rayon prokurorunun iştirakı ilə baxış keçirilib, hadisə yeri ətraflı müayinə olunmaqla fotoşəkillər çəkilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla əlaqədar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb və məhkəmə-avtotexniki ekspertizaları təyin edilib. 

Bəhman Səfiyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Birgə məlumatda bildirilib ki, hazırda həmin cinayət işi üzrə, eləcə də Bəhman Səfiyevin bir qrup şəxslə 2015-ci ildə Nərimanov rayonu ərazisində baş vermiş silahlı insidentdə iştirakı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatların tam, hərtərəfli və obyektiv araşdırılaraq qanunamüvafiq qərarın qəbul edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi