Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanın Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, şəhər sakini 34 yaşlı Anar Rəhimov idarə etdiyi “KİA” markalı avtomobillə Heydər Əliyev prospekti ilə üzü mərkəz istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxıb və hasara çırpılıb. Qəza nəticəsində sürücü və sərnişinlər - 35 yaşlı Etibar Məmmədov, 35 yaşlı Rövşən Həsənov ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində zərərçəkənlərin həyati təhlükəsi aradan qaldırılıb.
Etibar Məmmədov isə reanimasiya şöbəsinə yerləşdirilib. Şahidlərin sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub.
Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü Anar Rəhimov Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində çalışır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.