Futbolçu Nicat Muxtarovun həbs edildikdən sonrakı görüntüləri yayılıb - FOTO

Futbolçu Nicat Muxtarovun həbs edildikdən sonrakı görüntüləri yayılıb - FOTO Hadisənin təfərratı da açıqlanıb
Hadisə
19 Sentyabr , 2017 12:33
Futbolçu Nicat Muxtarovun həbs edildikdən sonrakı görüntüləri yayılıb - FOTO

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Sumqayıt” klubunun oğurluğa görə tutulmuş futbolçusu Nicat Muxtarovun həbs edildikdən sonrakı görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a daxil olan məlumatda bildirilib ki, cari ilin sentyabr ayı ərzində müxtəlif vaxtlarda Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulub.

Qeyd edək ki, hadisədən sonra dəstə üzvləri kabelləri A.Mehdiyevin avtomobilinə qoyaraq dəniz kənarında yandırıblar və mis halında Sumqayıt şəhərində yerləşən əlvan metal qəbulu məntəqələrinə satıblar.

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirinin davamı olaraq dəstə üzvlərindən oğurluq yolla əldə edilən misi dəfələrlə edilən xəbərdarlıqla baxmayaq müvafiq qeydiyyat aparmadan alan metal qəbulu məntəqəsinin sahibi Zaur İlyasov və onun işçisi Zaur Eyyubov da saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sonda Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcəkdir.

Son xəbərlər

Orphus sistemi