​Fuad Qəhrəmanlının apellyasiya şikayətləri üzrə məhkəmə qərarları açıqlanıb

​Fuad Qəhrəmanlının apellyasiya şikayətləri üzrə məhkəmə qərarları açıqlanıb Şikayətlər təmin edilməyib
Hadisə
7 Mart , 2016 16:12
​Fuad Qəhrəmanlının apellyasiya şikayətləri üzrə məhkəmə qərarları açıqlanıb

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının apellyasiya şikayətləri üzrə iki məhkəmə keçirilib.

Bu barədə "Report"a F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə F.Qəhrəmanlının girov müqabilində azadlığa buraxılmaması ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayət təmin edilməyib.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə isə F.Qəhrəmanlının həbs müddətinin uzadılması ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılıb və həmin şikayət də təmin olunmayıb.

Xatırladaq ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin müddəti iki ay uzadılıb. Həmçinin, F.Qəhrəmanlının girov müqabilində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də baxılıb. Vəsatət təmin edilməyib.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi