Bakı. 19 mart. REPORT.AZ/ Rostov-na-Donuda qəzaya uğramış "Fly Dubai" aviaşirkətinə məxsus təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin vətəndaşlığı məlum olub.
"Report" aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, göyərtədə olan 62 nəfərdən 7-si ekipaj üzvü olub.
Qəzaya uğramış təyyarənin göyərtəsində 44 Rusiya, 8 Ukrayna, 2 Hindistan və 1 Özbəkistan vətəndaşı olub.
Ekipaja üzvləri isə Kipr, İspaniya, Kolumbiya, Seyşel adaları, Qırğızıstan və Rusiya vətəndaşları olub.
Xatırladaq ki, Dubaydan Rostov-na-Donu şəhərinə uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün səhər saatlarında Rostovda pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb. Rusiya FHN-in məlumatına görə, laynerin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı ölüb.