Yuxarı

FHN 900-ə yaxın obyektə qüsurların aradan qaldırılması üçün "tapşırıq"lar verib

569 qurğu və avadanlığın istismarına müvəqqəti qadağa qoyulub

Bakı. 10 mart. REPORT.AZ/ "Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi inşaatda mövcud qanunvericiliyin tələblərinin təmin edilməsinə, tikinti obyektlərində təhlükəsizlik, tikinti norma və qaydalarına əməl olunmasına nəzarət sahəsində işləri davam etdirib. Belə ki, 4002 obyektə texnikiyə baxış keçirilib, onlardan 888 obyektə qüsurların aradan qaldırılması üçün "tapşırıq"lar verilib".

"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabatda bildirilir ki, 208 obyektin metal konstruksiyalarında müayinə işləri aparılıb, onlardan 62 obyektdə nöqsanlar aşkar edilərək lazımi tədbirlərin görülməsi üçün sifarişçiyə məlumat verilib.

Eyni zamanda, neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, qazan, qaldırıcı və energetika qurğularında, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti sahələrində, metallurgiya, kimya, neftkimya və neftqaz emalı sənayesində, taxıl məhsulları müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında və emal sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri, dəmiryolu, hava və dəniz nəqliyyatı ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədi ilə 3 457 müəssisədə 35 239 təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Nəticədə 14 021 pozuntu aşkar edilib, 569 qurğu və avadanlığın istismarına müvəqqəti qadağa qoyulub, təhlükəsiz istismar qaydalarına əməl olunmasına 2 684 "göstəriş" aktı verilib. Həmçinin, 4 616 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılb.

Bundan başqa, əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühaifəsinin təşkilinin yoxlanılması məqsədi ilə 181 sənaye, elmi-tədqiqat və tibb müəssisəsində 194 nəzarət-yoxlama, həmçinin radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 27 müəssisədə 169 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib.

"İzotop" xüsusi kombinatı tərəfindən tərkibində şüalanma mənbəyi olan 302 müxtəlif qurğu və cihazlar ölkədaxili marşrutlarla nəql edilib, ümumi çəkisi 2 190 kq olan radioaktiv maddələrlə çirklənmiş xüsusi və fərdi mühafizə vasitələri dezaktivasiya olunub.

Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi