Faiq Əmirli barəsində həbs qətimkan tədbiri seçilib

Faiq Əmirli barəsində həbs qətimkan tədbiri seçilib Məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib
Hadisə
22 Avqust , 2016 16:40
Faiq Əmirli barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

"Report"un məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda F.Əmirli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkil Aqil Layicov bildirib ki, qərardan apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Onun barəsində şübhəli şəxs qismində 48 saatlıq saxlanılma qərarı verilib.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ilkin yayılan məlumatlara görə, onun avtomobilindən Fətullah terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Son xəbərlər

Orphus sistemi