Əvvəllər dəfələrlə məhkum olunmuş şəxs avtomobil qaçırdığına görə tutulub

Əvvəllər dəfələrlə məhkum olunmuş şəxs avtomobil qaçırdığına görə tutulub Xəqani Ağayev Göyçayda saxlanılıb
Hadisə
13 May , 2017 15:41
Əvvəllər dəfələrlə məhkum olunmuş şəxs avtomobil qaçırdığına görə tutulub

Bakı. 13 may. REPORT.AZ/ Mayın 4-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İlham Qulaməliyev aprelin 25-də "Mercedes-GL-450" markalı avtomobilinin qaçırıldığını bildirib. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, o, polisə bir qədər gec müraciət etməsini isə bu müddətdə avtomobilini özü axtarması ilə izah edib.

Hadisə barədə məlumat alınan kimi Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib və avtomobilin tapılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb.

Nəhayət, qaçırılmış “Mercedes”in Göyçay rayonu istiqamətində hərəkətdə olması müşahidə kameraları tərəfindən müəyyən edilib və dərhal Rayon Polis Şöbəsinə məlumat verilib.

Müşahidə-nəzarət kameraları vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin avtomobili izləyərək gözdən buraxmayıblar. Maşın bir qədər sonra Ağsu rayonunun İnçə kəndindən Qaraməryəm istiqamətində yoluna davam edib. Sürücüsü avtomobili yüksək sürətlə idarə etdiyindən polislərin diqqətindən yayına bildiyini güman edib. Lakin ağlına belə gətirməyib ki, bu, yarana biləcək qəza şəraitinin qarşısının alınması üçün polislərin təhlükəsizlik tədbiri idi.

Mayın 12-də saat 6.30 radələrində “Mercedes” İnçə kəndi ərazisində aşkar edilib. Polis əməkdaşları avtomobildə olan qadını sorğu-sual ediblər. Qadın Bakıya gedən, yolüstü sərnişin yığan sürücünü tanımadığını, bu maşına təsadüfən mindiyini bildirib. Qadın onu da deyib ki, nədənsə sürücü polis postunu görəndə maşından düşüb qaçıb.

Göyçay Rayon Polis Şöbəsinin şəxsi heyəti güclü yağış yağdığından həmin şəxsin çox da uzağa gedə bilməyəcəyini təxmin edərək kənddə axtarışlarını davam etdiriblər. Onun avtomobildən düşüb qaçdıqdan sonra kənddəki evlərdən birinin həyətinə girdiyi müəyyən edilib. Vətəndaşa məxsus nəqliyyat vasitəsini qaçıran həmin evin zirzəmisindəki çarpayının altında uzanıqlı vəziyyətdə yaxalanaraq Polis Şöbəsinə gətirilib. Məlum olub ki, bu, Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Xəqani Ağayevdir.

Son xəbərlər

Orphus sistemi