Evlərində məcburi köçkünlər yaşayan yerli sakinlərin məhkəmələrə müraciətləri artıb

Evlərində məcburi köçkünlər yaşayan yerli sakinlərin məhkəmələrə müraciətləri artıb Avropa Məhkəməsinə də müraciətlər var
Hadisə
8 Oktyabr , 2016 01:59
Evlərində məcburi köçkünlər yaşayan yerli sakinlərin məhkəmələrə müraciətləri artıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.

O bildirib ki, məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb.

Komitə sədrinin sözlərinə görə, yeni salınmış bəzi qəsəbələrdə əkin və örüş sahələri ilə təmin olunmuş məcburi köçkünlər arasında müvafiq maarifləndirmə işləri aparılır ki, onlar dövlət təminatından, ələbaxımlıqdan uzaqlaşaraq özünütəminata keçsinlər.

"Görülən işlərlə bərabər, respublika üzrə 94 min ailə və ya 375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bunlardan 172 min nəfəri Bakı şəhərində, 49 min nəfəri Sumqayıt şəhərində, 18 min nəfəri yerli sakinlərə məxsus mənzillərdə, 136 min nəfəri isə digər şəhər və rayonlarda müvəqqəti məskunlaşıb.

Təkcə Bakı şəhərində istismar müddətini başa vurduğundan tam yararsız, qəza vəziyyətinə düşmüş 115 obyektdə 9 min ailə və ya 45 min nəfər məcburi köçkün müvəqqəti yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin obyektlərdə aparılmış müayinə və tərtib olunmuş arayışlarda təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan məcburi köçkünlərin köçürülməsinin zəruriliyi bildirilib", - deyə o qeyd edib.

Əli Həsənovun sözlərinə görə, məcburi köçkünlərin yerli sakinlərə məxsus mənzillərdə uzun illər müvəqqəti yaşaması nəticəsində son illərdə ev sahiblərinin yerli məhkəmələrə, hətta Avropa Məhkəməsinə müraciətləri artıb. Ədliyyə Nazirliyi ilə birlikdə bu məsələ üzrə müəyyən tədbirlər görülsə də, problem açıq olaraq qalır.

Son xəbərlər

Orphus sistemi