Yuxarı
    Bağlamaq

    Bakıda evlərdən 1 milyon manatlıq oğurluq edən şəxsə hökm oxunub

    Digər iki şəxs bəraət alıb

    Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bir çox oğurluq və quldurluq etməkdə təqsirləndirilən Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Ümid oğlu Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namaz oğlu Namazov və 1988-ci il təvəllüdlü Fərid Quncəli oğlu Əlibəyovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

    “Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İ.Qəhrəmanov 10 müddətinə azadlıqdan məhrum edilib. Z.Namazov və F.Əlibəyov isə bəraət alıb.

    Xatırladaq ki, İ.Qəhrəmanov 2013-cü ildə Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. 17 yaşlı İ.Qəhrəmanov Bakının müxtəlif rayonlarında onlarla evi qarət edib. Zərərçəkənlərin müraciəti əsasında və ilkin araşdırmalarla müəyyən edilib ki, o, təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində olan qızıl və müxtəlif valyutalar ələ keçirib. Sonrakı araşdırmalarla peşəkar oğrunun başqa rayonlarda da çoxsaylı mənzilləri talaması məlum olub. Cinayət əməllərinə 2011-ci ildən başlayan İ.Qəhrəmanovun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. İstintaq, həmçinin müəyyən edib ki, İ.Qəhrəmanovun ələ keçirdiyi sərvət 1 milyon manat civarında olub.

    Qeyd edək ki, İ.Qəhrəmanov Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə, rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə), 326.2-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham olunur. Digər təqsirləndirilən Z.Namazova və F.Əlibəyova isə 32.5-ci (iştirakçılığın növləri, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır), 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Hər iki şəxs barəsində başqa yerə getməmək iltizam tədbiri seçilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi